Təcrübəçi (SƏTƏMM, Xankəndi şəhəri)

Date: 28 sen 2026

Location: Xankəndi

Company: SOCAR

Müraciətlərin qəbulu üçün son tarix: 12.10.2026

 

Qeyd: Təcrübə proqramının Xankəndi şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

Proqram haqqında qısa məlumat: 

 

Gənc İstedadlar Proqramı (GİP) tələbə və yeni məzun gənclərin SOCAR-ın peşəkar iş mühitində praktiki təcrübə qazanmasına imkan yaradan təcrübə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ixtisaslarına uyğun struktur bölmələrində fəaliyyət göstərir, real iş proseslərinə və layihələrə cəlb olunur, təcrübəli mütəxəssislərlə birgə çalışırlar. Beş ay müddətində iştirakçılar peşəkar və fərdi inkişaf yönümlü təlimlər, mentorluq və müxtəlif inkişaf tədbirləri vasitəsilə öz bilik və bacarıqlarını daha da təkmilləşdirirlər. 

 

Məqsədimiz nədir?

 

Gənc İstedadlar Proqramı vasitəsilə Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan, həmçinin son illərdə məzun olmuş istedadlı və perspektivli gənclərin peşəkar inkişafına dəstək olmağı hədəfləyir. Proqramın əsas məqsədi gənclərin nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək, texniki və davranış səriştələrini inkişaf etdirmək, onları korporativ iş mühiti ilə tanış etmək və gələcək karyera həyatına hazırlamaqdır. 

 

Proqram sizə nə vəd edir?

 

5 ay müddətində həyata keçirilən Gənc İstedadlar Proqramı iştirakçılara aşağıdakı imkanları təqdim edir:

  • SOCAR-ın müvafiq struktur bölmələrində istehsalat təcrübəsində iştirak etmək;
  • İxtisas biliklərini və peşəkar bacarıqları inkişaf etdirmək;
  • Davranış səriştələrinin formalaşdırılmasına yönəlmiş təlimlərdə iştirak etmək;
  • Peşəkar mühitdə təcrübə qazanmaq və SOCAR-ın korporativ dəyərləri ilə tanış olmaq;
  • Müəyyən edilmiş qaydalara uyğun olaraq təqaüddən yararlanmaq.

Proqramın sonunda SOCAR-ın müəssiələrinin biznes fəaliyyətinə uyğun ehtiyac olduğu təqdirdə bilik və bacarıqları, inkişaf potensialı və fəaliyyət nəticələri ilə seçilən iştirakçıların məşğulluq imkanlarına baxıla bilər. 

 

Müraciət edəcək namizədlər üçün əsas tələblər:

 

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  1. Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  2. Yaşı 29-dək olmalıdır.
  3. Məzunlar tələb olunan ixtisaslar üzrə təhsillərini son 3 tədris ili ərzində (2024, 2025, 2026-cı illər) başa vurmuş olmalıdırlar.
  4. Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin sonuncu kursunda və ya magistratura pilləsində təhsil almalıdırlar.
  5. Bakalavr ixtisası müraciət edilən ixtisasa uyğun olmayan və ixtisas dəyişikliyi etmiş tələbələr magistratura pilləsinin ikinci kursunda təhsil almalıdırlar.
  6. Proqramın keçirildiyi müddətdə SOCAR və ya digər işəgötürənlə əmək münasibətlərində olmamalıdır.
  7. Rəsmi transkriptə və ya diplom əlavəsinə əsasən ümumi orta müvəffəqiyyət göstəricisi (CumGPA) 75%-dən yüksək olmalı, digər qiymətləndirmə sistemlərində isə 2.5-dən yuxarı olmalıdır.

 

Təhsil göstəriciləri ilə bağlı qeydlər:

 

  • Namizədlər universitet tərəfindən təqdim edilmiş rəsmi transkripti, məzun olduqları təqdirdə diplom və onun əlavəsini elektron müraciətə (Sənədlərim hissəsində diplom və ya digər sənədlər hissəsinə) qoşma olaraq əlavə etməlidirlər.
  • Təhsilini davam etdirən tələbələrin transkriptində müraciət tarixindən əvvəlki semestrin qiymətləri də əks olunmalıdır.

 

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

 

Gənc İstedadlar Proqramına seçim müsabiqə əsasında, üç mərhələdə həyata keçirilir.

 

I mərhələ — Müraciətlərin ilkin seçimi:

 

Namizədlər tərəfindən təqdim edilmiş məlumatların və sənədlərin tələblərə uyğunluğunun yoxlanılması həyata keçirilir.

 

II mərhələ — Test imtahanı:

 

Namizədlərin məntiqi təfəkkür və ingilis dili üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilir.

 

III mərhələ — Müsahibə:

 

İxtisas qrupları üzrə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər növbəti mərhələyə — müsahibəyə dəvət olunurlar.

Müsahibə zamanı namizədlərin ixtisas bilikləri, peşəkar potensialı, davranış səriştələri və proqrama uyğunluğu qiymətləndirilir.

Gənc İstedadlar Proqramında iştirak etmək istəyən namizədlər SOCAR-ın Karyera Portalında yerləşdirilən aktiv elanları izləyə bilərlər.

Proqram və müraciət prosesi ilə bağlı əlavə suallarınız olduğu halda hr@socar.az elektron poçt ünvanına yaza və ya 012 521 34 05 nömrəsi ilə qaynar xəttə müraciət edə bilərsiniz.


Qeyd: Məlumat üçün bildiririk ki, SOCAR Gənc İstedadlar Proqramının qalibi olmuş şəxslərin işə qəbul edilməsi ilə bağlı öhdəlik daşımır.